Ana içeriğe atla

Gedək üzü küləyə


Tarixin ilk dövrlərindən bəri insan və təbiət arasında çox ciddi mübarizə gedir. Di gəl, bu qarşıdurmanın qalibi olmur. Yaranma səbəbini bir çoxumuz bilsə də, elmdə havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək adı verilib. Təbii sərvətlərlə zəngin ölkəmizin coğrafi mövqeyi bizə külək enerjisindən effektiv istifadə etməyə imkan verir. Çünki yel dəyirmanlarında buğda üyüdən texnologiya bu günlərdə külək turbinlərində enerji “üyüdür”. Azərbaycanın mövcud külək enerji potensialından istifadə etməklə ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət etmək, eyni zamanda ətraf mühitə atılan zəhərli maddələrin miqdarını azalmaq olar. Son zamanlar imzalanan qanunvericilik aktlarında bərpaolunan enerji mənbələrindən istifadənin dövlətin xüsusi diqqətində olduğu görünür. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində qeyd olunmuş 5 prioritetdən birinin “təmiz ətraf mühit və yaşıl artım ölkəsi”nə aid olduğu da təsadüfü deyil. Ötən il imzalanan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə” haqqında qanunda göstərildiyi kimi artıq hər bir istehlakçı, eyni zamanda istehsalçı ola bilər. Yəni sadə dildə desək, hər bir vətəndaş enerji istehsal edib artıq qalan hissəni dövlətə sata bilər. 

Elmi-hüquqi bəzədilmiş cümlələrimdən sonra keçirəm yazının bədii hissəsinə. Yəni üzü küləyə getmək istəyən sakinlərin arzusuna. “Arzuya bax sevgilim, tellərindən incəmi?” deyən Müşfiq də bu “küləklər şəhəri”ində yazıb, yaradıb. Əlbəttə Bakının küləyi mahnılara, şeirlərə, kitablara mövzu, yazarlara ilham mənbəyi olub. İllərdən bəri bu torpaqlarda nizamla əsən Bakı küləyi, xaotik tikilmiş “novostroyka”ların arasında bu gün itib batır. Xəritədən baxdıqda Mendeleyev cədvəlini xatırladan bu binalar, yaxından baxdıqda heç nəyi xatırlatmır. Çünki bir-birinə bənzər, üstündə asılan paltarlarla fərqlənən tikililər küləyin təbii axınına mənfi təsir göstərir. Buna görə də, küləyin çox əsdiyi ərazilərdə yaşayanlar mənfi təsirləri azaltmaq üçün müxtəlif üsullardan istifadə edib. Bir çox qədim şəhərlərin dizaynında istifadə olunan prinsiplər bu gün də qüvvədədir. Bu qədər müxtəlif memarlıq üslubun meydana gəlməsində küləyin də rolu kifayət qədər önəm kəsb edir. Xüsusən Qədim Çin memarlıq üslubunda şimal küləyinin təsirinin qarşısının almaq üçün binanın arxa hissəsi pəncərəsiz olar və şimaldan soyuq külək əsdiyi üçün binalar cənuba baxardı. 

Bakının müasir üslubda tikilən yeni binalarını çıxmaq şərti ilə, əksər kvadrat formalı binalarda küləyin istiqaməti nəzərə alınmır və nəticədə küləyin təbii axını pozulur. Bundan əlavə binaların çox yaxın tikilməsi günəş düşməyən sahələr yaradır ki, bu da temperaturun az olduğu yerdə təzyiqin düşməsinə səbəb olur. Küləyin mənfi təsirini minimuma endirməyin əsas yollarından biri binalarda oval və yuvarlaq cizgilərdən istifadə etməkdir. Məşhur Bürc Xəlifənin spiralvari və getdikcə ensizləşən quruluşu küləyin mənfi təsirini azaldan nümunələrdən biridir. Maraqlı memarlıq üslubu ilə seçilən Bəhreyndəki Dünya Ticarət Mərkəzinin binası külək turbinləri birləşdirilmiş ilk binadır. 

Bir sözlə, bəşəriyyət yaranandan bəri küləklə mübarizə insanları daha effektiv yollar axtarmağa vadar edib. Deməli üzü küləyə getmək istəyi təkcə bu xalqın adi insanlarında yox, həm də onun mühəndislərində olmalıdır. 

Rəvan Əziz


Yorumlar

Ən çox oxunan

"Əcəl gəlmiş cahanə, baş ağrısı bəhanə"

Məmləkətin ya xəstəsi var, ya da bəhanəsi. Bu torpaqda yaşamaq üçün bir neçə inandırıcı bəhanə kifayətdi. Çünki qayda-qanunla həll olunası işlər burada bəhanə ilə həll olnur. Konstitusiyanı yazanda yəqin bu məqama vaqif olunub ki, “Qanunu bilməmək məsuliyyətdən azad etmir” cümləsi daxil edilib. Düşünülüb ki, bizim millətin xəstəsi var deyə qanunları bilməyəcək. Yəqin sıranı, yol hərəkəti qaydasını, karantin qaydasını, hətta orucu pozanın da xəstəsi var. Bakının isə xəstəsi yox, dərdi var. Bakının dərdi var, Bakı xəstədir, Könül intizarda, göz yol üstədir... (S.Vurğun) Şair demiş, mürgülü xatirələri oyatmamaq üçün bəhanəsiz getmək lazımdı. Başqa bir şair isə, ayrıca şəhəri olmadığı üçün yenə bu şəhərdə üz-üzə gəlib. Görünür xalqımızdakı bəhanələr ədəbiyyatda da öz yerini tapıb. Məktəbli olanda ya işığımız sönürdü, ya dəftərimiz evdə qalırdı. Müəllimin “özün niyə evdə qalmamısan” sualı ilə söhbət bağlanırdı. Bu yerdə ən pis olan dərslərdə əzbərçi olduğumuz kimi bəhanələrdə də əzbərçi olm

“İçi boş Nazarbayev”

  Gündəmi zəbt etmiş Qazaxıstan olayı yəqin hamının diqqətindədir. Kimsə bunun spontan olduğunu, kimsə isə xarici dövlətlərin geosiyasi oyunu olduğunu düşünür. Baş verən hadisələrin fonunda eks-prezident Nursultan Nazarbayevin, yəni “Elbaşı”-nın içi boş heykəlinin Taldıkurqan şəhərində aşırdılması elə-belə hal deyil. Heykəl yıxmaq tarixin bütün dövrlərində məşhur olub. Orta Əsrlərdə də, indi də. Bəzən bunu vandallar edib, bəzən isə nədənsə narazı kütlə. Elə yaxın tarixdə ABŞ-da baş verən “heykəl müharibəsi”ndə nə qədər qurban olub. Dövlətin ən tanınmış şəxsiyyətlərinə quraşdırılmış heykəlləri aşırıblar. Sanki bu heykəllərin bir lənəti var, heykəl yıxıldıqdan sonra mütləq dəyişiklik baş verir. Məqsədim heykəllərin tarixindən danışmaq deyil, əsas məsələ niyə heykəllərdən sonra xaos baş alıb getməyindədir. Qayıdaq Nazarbayevə, onun heykəli boş olsa da, cibi həmişə dolu olub. Nazarbayevin yaxşı və ya pis lider olmağına qiymət vermək sadə bir azərbaycanlıya düşməz. Onun qiymətini qaza

Ağlar, ağlamaz?

Hərbi münaqişələrdə rəqibin həmlələrini oxumaq çox vacibdir. Lakin cari müharibədə görürük ki, rəqiblərin başı var, amma oxumur. Hər oxuyandan da Molla Pənah olmaz.  Bu günlərdə hamının tanış olduğu Rusiya-Ukrayna davası bəyanatsız ötüşmür. Hər gün kostyumlu oğlanlar digər kostyumlu oğlanları qınayır. Müharibəni qınamaq və tərəfləri atəşkəsə çağırmaq isə beynəlxalq təşkilatların peşəsidir. Belə peşəyə biz sahib olsaq, dünyanın ən varlı milləti olarıq. Bizim ictiami qınaq pulsuzdu. Buradan dünyaya səslənirəm, gəlin, birlikdə qınayaq, bəlkə dünya düzələr. Görülən tədbirlər nəticəsinə xaricdə səfərdə olmayan vətəndaşlar dünyanı gəzir. Məsələn, suriyalılar Türkiyəni, ukraynalılar Polşanı, əfqanlar isə çox ölkələrdə "səfərdə" oldular. Deyəsən, ölkəsində müharibə gedən vətəndaşlar bizim “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” sözünü eşidəndən sonra, o biri dünyaya gedib.  Dünyada baş verənlər qarşısında dünyanın düz vaxtı söz demək olmurdu. Çoxları çətinlik qarşısında ya ağlayır,